“Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovadan müsahibə götürüb. Gülər Əhmədova saytın ünvanladığı suallardan bir qismini cavablandırıb.
Həbsxanada saxlanılma şəraitindən danışan keçmiş deputat bildirib ki,özünə qarşı insani, normal münasibət görür:
“Amma mətbuatda yazıldığı kimi lüks şəraitim yoxdur. Televizorum, telefonum da yoxdur. Su sarıdan çox korluq çəkirəm. İsti su həftədə iki dəfə olur. Soyuq su da böyük fasilələrlə verilir. Hərəkətsizlik ucbatından ciddi problemlərim yaranıb, ürək-damar sistemində olan ağrılardan ciddi əziyyət çəkirəm. Mənim bu günümə həsəd aparanlara Allah qismət eləsin.
Günümü namaz qılmaqla, mütaliə etməklə keçirirəm. Hazırda Adam Metsin “Müsəlman intibahı” kitabını oxuyuram. Yalnız Allaha, cənab prezident İlham Əliyevə və ailəmə arxalanıram. “Haqq nazilər, üzülməz!” deyiblər. Allah səbirliləri, zülmə, çətinliyə dözənləri sevir”.
Həbsxananın insanın azadlığı, azadlıq dəyərinə yanaşmasını çox dəyişdirdiyini deyən G.Əhmədova, qaldığı kameradan azca səmanın göründüyünü qeyd edib:
“Nə ağacları, nə otları görə bilirəm. Kameradan görünən hissədə, damda barmaqlıqlar arasında bir quş yuvası var. Hələ indiyə kimi quşları bu qədər seyr etməmişdim. Onların azadlığına həsəd aparıram. Kimsə həbsxanaya düşübsə, heç vaxt kiminsə günahsız yerə bura düşməsinə razı olmaz. Kamera sanki insanı qəbir həyatına hazırlayır. Başqa heç nə ilə müqayisə etmək mümkün deyil.
İnsan azadlıqda olarkən kiminsə həbsə düşməsini sıradan bir iş kimi qarşılayır. Lakin bu amansız həqiqətlə üzləşərkən azadlığın nə olduğunu başa düşürsən. Qadın üçün həbsdə olmaq yüzqat əzabdır. Dözmək mümkün deyil. Bəlkə də Allaha, haqqa olan inamıma görə hələ də yaşayıram”.
O, həmçinin Allahdan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevə insaf istəyib:
“Allah Elşad Abdullayevə də insaf versin, ürəyinə nida salsın ki, həqiqəti desin, məndən əl çəksin. Elşad Abdullayev də, mən də bilirik ki, o mənə pul verməyib. Dünyada gizli heç nə qalmır. Nə vaxtsa bu da açılacaq”.
www.mediaforum.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin