Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı ikinci məhkəmə iclası keçirilib.
Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, əsas diqqət Gülər Əhmədovanın geyiminə yönəlib.
O, məhkəməyə qapalı libasda gəlib. G.Əhmədova topuğuna qədər uzanan don geyinib. Başını isə bağlayıb. Sabiq deputatın iri eynək taxması da diqqətdən yayınmayıb.
APA-nın xəbərinə görə, G.Əhmədova KİV-də barəsində fantastik yazılar yazıldığını bildirib:
“Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Mənə, anama, övladlarıma olan olub. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.
Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.