"Gürcüstan hökuməti Azərbaycanla olduqca mühüm danışıqlar aparıb və nəticədə ölkə optimal qiymətə 2 milyard kubmetrdən çox qaz tədarükü ilə bağlı zəmanət alıb".
Oxu.Az-ın BM.ge-yə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze parlamentdə özünün illik hesabatı zamanı məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə qazlaşdırma prosesi zamanı qazpaylama şəbəkəsinə 60-dan çox yaşayış məntəqəsi qoşulub ki, bu da təxminən 10 000 ailə təşkil edir.
"Biz ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı məsələləri ilə bağlı dost ölkəmiz Azərbaycanla çox vacib danışıqlar apardıq və bu danışıqlar İqtisadiyyat Nazirliyi tərəfindən uğurla başa çatdırıldı - biz optimal qiymətə 2 milyard kubmetrdən çox qazla bağlı zəmanət, həcm zəmanəti aldıq", - deyə İrakli Kobaxidze bildirib.
"Mən həm İqtisadiyyat Nazirliyinə, həm də azərbaycanlı dostlarımıza danışıqlar və əldə edilən nəticələr üçün təşəkkür etmək istəyirəm. Bu, ölkənin enerji təhlükəsizliyi üçün olduqca vacibdir", - deyə o qeyd edib.