David Qareci (Keşikçidağ) yaxınlığında mühəndis işləri aparılan ərazi Azərbaycanın sərhədləri daxilindədir.
ONA xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.
O bildirib ki, işlərin aparıldığı ərazi mübahisəli zonaya daxil deyil və Azərbaycanın sərhədləri daxilindədir.
Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumat yaymışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.