Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hadi Rəcəbli: Bizim də ailəmiz var
Mən şəxsən heç vaxt sosial şəbəkələrin, “Facebook”un əleyhinə olmamışam. Amma yazırlar ki, Hadi Rəcəbli “Facebook”un, sosial şəbəkələrin əleyhinədir, onların qapadılmasını istəyir. Hamısı yalandır.
Əvvəla, biz demokratik, hüquqi, söz və mətbuat azadlığının geniş şəkildə təmin olunduğu ölkədə yaşayırıq. Azərbaycan cəmiyyəti şəffaf cəmiyyətdir. İkincisi, heç kim demir ki, sosial şəbəkələr bağlansın, qapadılsın. Amma dünyanın mövcud norma, qayda və qanunları var. Bu məsələlər onlarda necə tənzim olunursa, hesab edirik ki, bizdə də o cür tənzimlənməlidir. Biz bunu deyirik.
Bunu Oxu.Az-a açıqlamasında professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
“Biz, sadəcə, internet resurslarında, bəzi üzdəniraq saytlarda, sosial şəbəkələrdə, bəzi səhifələrdə təhqirin, söyüşün, böhtanın, iftiranın əleyhinəyik. Biz buradakı özbaşınalığın aradan qaldırılmasını, onlara son qoyulmasını istəyirik.
Orada elə şeylər yazılır və paylaşılır ki, adam dilinə belə gətirmək istəmir, xəcalət çəkir. Onları yazanların ailəsi, uşaqları, nəvələri, qohum-əqrəbası olduğu kimi, bizim də ailəmiz, uşaqlarımız, nəvə-nəticələrimiz, qohum-əqrəbamız var.
Bizimkilər kimi, onlarınkılar da bunu oxuyurlar, izləyirlər. İndi də mənim o sözümü hallandırırlar ki, bəs Hadi Rəcəbli deyir ki, onların da uşaqları, övladları baxır, izləyir, görür.
Bəli, həqiqətən də, onlar da baxırlar, izləyirlər. Söyüş, təhqir yazanların söyüşləri, təhqirləri onlara, özlərinə də qayıdır”, - deyən komitə sədri bu baxımdan bu məsələdə tənzimlənmələrin olmasının vacibliyini vurğulayıb.
“Onlarınkı ailədir, bizimki ailə-uşaq deyil? Niyə təhqir, böhtan yazırsınız? Niyə yazdıqlarınızın altına bizim fikirlərimizin də, müsbət şərhlərimizin də getməsinə imkan vermirsiniz və ya bizim cavablarımızı vermirsiniz, dərhal silirsiniz?
Harada qaldı bəs sizin “demokratik”liyiniz, “plüralist”liyiniz? Siz təhqir edirsiniz, biz tərif edirik. Bəs bizim yazdıqlarımızı niyə qoymursunuz getməyə? Ona görə də bu məsələdə dünya təcrübəsinə uyğun olaraq, qayda-qanun yaradılmalıdır.
Özünüz də görürsünüz, kinolarda, televiziyalarda siqaret səhnəsinin göstərilməsinin qarşısını almışıq, bunu qanunla qadağan etmişik, siqaretin üstündən xətt çəkmişik.
Eyni zamanda, kinolarda, seriallarda 16 və ya 18 yaşdan aşağı olanlarla bağlı məhdudlaşdırmalar, qadağalar tətbiq etmişik. Bunlar da insanlar tərəfindən çox müsbət qarşılanır, həm də dünya təcrübəsindən irəli gəlir. Əgər belədirsə, niyə bu məsələdə də nizam-intizam olmasın?
Dəfələrlə demişəm, bu gün deyirəm, kiminsə sözü, etirazı varsa, gəlsin, şəxsən birlikdə debata çıxaq, normal şəkildə polemika aparaq, o da desin, mən də deyim. Söyüş söyməklə, təhqirlər yağdırmaqla olmaz, bu, yolverilməzdir.
Bir daha qeyd edirəm ki, biz sosial şəbəkələrin, “Facebook”un əleyhinə deyilik, onların qapadılmasını, bağlanmasını istəmirik. Ancaq istədiyimiz odur ki, bu məsələdə artıq bir nizam-intizam olsun, təhqirin, böhtanın, şərin, söyüşün qarşısı alınsın, bu kimi əcaib hallar yığışdırılsın, hər bir məsələ etik çərçivədə həll olsun.
Bizim milli-mənəvi dəyərlərimiz var, o dəyərlər sonacan qorunsun, aşılanıb, aradan çıxmasın. Bizim istədiyimiz yalnız budur”, - deyə H.Rəcəbli əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi