"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib.
Hədlər aşağıdakı kimi müəyyənləşdirilib:
- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);
- quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);
- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.