Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
Hər bir xalqın tarixində elə hadisələr olur ki, o, təkcə tarix olaraq qalmır, həm də millətin ruhunda, qan yaddaşında iz qoyur. 20 Yanvar faciəsi də dövlətimizin tarixində, yaddaşlarda qalan belə hadisələrdən biridir. O gecə keçmiş sovet ordusunun Bakıda törətdiyi qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
Lakin gözlədiklərinin tam əksi oldu. Xalqımız başına gələn faciədən azadlığına gedən yolun başlanğıcını qoydu. Dəhşətli qətliamın törədildiyi gün Azərbaycan xalqı informasiya blokadasına salındı. Radio susduruldu, televiziyanın enerji bloku silahlı hərbçilər tərəfindən partladıldı. Yanvarın 18-də xalq Bakıda heç bir fövqəladə vəziyyət təbiq edilməyəcəyinə əmin edilsə də, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən bunun əksi yaşandı.
Məsələnin dəhşətli tərəfi fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələrinin yanvarın 19-da saat 21:00-dan etibarən Türkan-Qala tərəfdən şəhərə yeridilməsidir. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi.
Mülki insanların müdafiə üçün qurduqları barrikadalar ağır hərbi texnika ilə çox asanlıqla dağıdıldı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq oldu. Hərbçilər yaşayış evlərini, təsadüfən küçəyə çıxanları, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, eybəcər hala salırdılar.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızlıqla qətlə yetirib, 20 nəfəri ölümcül yaralamışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.
Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 150 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 maşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi.
Öldürülənlərin arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də var idi. Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev heç nədən çəkinməyərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata kəskin etirazını bildirdi, xalqla həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiklərini və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi.
Daha ətraflı Baku TV-nin videomaterialında: