Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, iclasda hökumətin - Nazirlər Kabinetinin növbəti hesabatı dinlənilir.
İclası açan spiker Oqtay Əsədov qeyd edib ki, ölkə prezidentinin uğurlu iqtisadi inkişaf strategiyası ölkədə makroiqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verib:
“Azərbaycan xalqı 2017-ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb.
Ölkədə sistemli islahatlar uğurla davam etdirilib.
Aparıcı təşkilatlar, reytinq mərkəzləri bu uğurları yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub”.
Hesabatla baş nazir Artur Rasi-zadə çıxış edib.
Baş nazir çıxışında qeyd edib ki, ölkədə adambaşına düşən gəlir 7,2 dəfə artıb. Onun sözlərinə görə, ölkədə qazlaşdırma səviyyəsi son 14 ildə 51 faizdən 93 faizə çatdırılıb. O nəzərə çatdırıb ki, ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycan üzrə sərfəli olan 2050-ci ilə qədər uzadılıb:
“Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas prioriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə yaxın elektrik xətləri çəkilib. Ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, kompleksləri yaradılıb.
Son 14 il müasir tələblərə cavab verən yeni müəssisələr istifadəyə verilib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib”.
Qeyd edək ki, MM-in daxili nizamnaməsinə əsasən, parlamentin yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, hər ilin mart ayında hökumət millət vəkilləri qarşısında hesabat verir.
Onu da qeyd edək ki, hökumətin hesabatına həsr olunmuş iclasda millət vəkilləri ilə yanaşı, baş nazir və baş nazirlərin müavinləri, bir sıra nazirlər, komitə sədrləri və digər məsul şəxslər iştirak edirlər.
Kamil HƏMZƏOĞLU
www.oxu.az