Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.
Prezident İlham Əliyev oktyabrın 19-da həmçinin Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidentinə məlumat verilib ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb.
Daha sonra Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verilib.
Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub.
Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olunub.
Daha sonra dövlət başçısı Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını edib.
Prezident İlham Əliyev yeni müəssisələrlə tanış olub.
Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
14:47
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır.
Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılıb. Ağstafa rayonunda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabrikinin yaradılması bunu bir daha təsdiqləyir.
Dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Bu cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.
Dövlət başçısı əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış olub.
Daha sonra Prezident İlham Əliyev “Modern” mebel fabrikini işə salıb.
Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verilib. Bildirilib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.
Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir.
Sonra Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.
Dövlət başçısı yeni fabrikin təməlini qoyub.
13:24
Azərbaycan prezidenti İlham Əliyevin Ağstafa rayonuna səfəri başlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.
Sonra İ. Əliyev əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək.
Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.
E.Ə.
www.oxu.az