Martın 4-də Sofiyada Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan baş naziri Boyko Borisovun mətbuat konfransı olub.
Oxu.Az-ın məlumatına görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, Bolqarıstan ilə Azərbaycan arasında siyasi əlaqələr güclüdür və bu əlaqələrin gözəl perspektivləri var:
“Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur. Bolqar şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür”.
Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan prezident İlham Əliyev bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışıb. Bildirib ki, TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğulayıb.
Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub və deyib ki, belə səfərlər nəzərdə tutulan layihələrin uğurlu icrasına güclü təkan verir. Baş nazir qeyd edib ki, Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək. Bolqarıstanın Baş naziri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmindən danışıb. O, ölkələrimiz arasında inşaat, əczaçılıq, səhiyyə, kənd təsərrüfatı, idman və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb.
Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırıblar. Daha sonra Baş nazir Boyko Borisovun adından nahar verilib.
18:23
Martın 4-də Sofiyada Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvaylo Moskovski imzaladılar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol”u Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov və Bolqarıstanın turizm nazirinin müavini xanım İrena Georgiyeva imzaladılar.
18:10
Prezident İlham Əliyev Bolqarıstanın baş naziri ilə görüşüb.
Oxu.Az-ın novinite.ru-ya istinadən verdiyi məlumata görə, Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra bəyan edib:
“Biz “Nabukko” layihəsini, daha dəqiq onun Bolqarıstandan keçməli olduğu hissəsini bərpa etmək istəyirik”.
Borisov Azərbaycan Prezidenti İlham Əliyev ilə bərabər Brüsselə yollanacaqlarını və layihəni Avropa Komissiyasına təqdim edəcəklərini bildirib.
Baş nazir Borisov qeyd edib ki, Bolqarıstan Aİ-nin fövqəladə mənəvi üzvüdür.
“Bolqarıstan bir çox digər ölkələrdən fərqli olaraq, energetik paketin bütün hüquqi tələblərini yerinə yetirib”, - Borisov vurğulayıb.
O bildirib ki, baş nazirin müavini Tomislav Donçev energetika naziri və azərbaycanlı əməkdaşları ilə bərabər Cənubi Qaz Dəhlizinin praktiki inşaatı üzrə çalışacaqlar.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Cənubi Qaz Dəhlizi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və onun ölkəsi bu layihədə fəal iştirak edir.
Əliyev vurğulayıb ki, Cənubi Qaz Dəhlizi Azərbaycanın Avropada irimiqyaslı layihəsidir.
“Cənubi Qaz Dəhlizi və Bulqarqazın layihədə iştirakı, o cümlədən aksiya almaq üçün Prezident İlham Əliyevin Bolqarıstana verdiyi imkan, ona regionda strateji üstünlük verir”, - Borisov deyib.