Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konqresin iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Bakı Ürək Günləri" IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:
"Sizi - Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri "Bakı Ürək Günləri" IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Artıq ənənəvi şəkil almış Konqresin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.
İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.
Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Möminə xatun türbəsi restavrasiya olunacaq
- Xalqın birliyinin rəmzi - Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI
- İlham Əliyev Koreya Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib
- İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- İlham Əliyev: "Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir"