Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, dövlət başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. İki ölkə arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri Cozef Muskatın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Maltanın Baş nazir Cozef Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırdı. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrin genişlənməsi baxımından önəmini vurğuladı. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
İki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cozef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini dedi.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd etdi. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev bu gün həmçinin Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev iki ölkənin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd etdi. Dövlət başçısı iki ölkənin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd etdi. Dövlət başçısı Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini bildirdi.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik etdi. O, Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçın salamlarını dövlətimizin başçısına çatdırdı. İki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla qeyd etdi. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini dedi.
İlham Əliyev Prezident Bronislav Komorovskinin və Baş nazir xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.