Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev həmçinin Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi. Ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulandı.