Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, səfir Neboyşa Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Səfir Neboyşa Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
Daha sonra, Prezident İlham Əliyev Avropa Atıcılıq Konfederasiyasının və Rusiya Federasiyası Atıcılıq İttifaqının prezidenti Vladimir Lisini qəbul edib.
Görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edildi, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışıldı, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirildi.
13:32
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlət başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğulayıb.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırlayıb, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd edib.
O, Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.