Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Azərbaycan Prezidenti, Macarıstanın Baş naziri və xanımları birgə foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın təkbətək görüşü oldu.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olundu.
İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü keçirilib.
Prezident İlham Əliyev və Baş nazir Viktor Orban görüşdə çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanatlarla çıxışdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Macarıstanın Baş naziri Viktor Orbanın və xanımı Aniko Levainin şərəfinə nahar verilib.