Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Oxu.Az-ın məlumatına görə, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev mövzu ilə bağlı şərh verib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ - Azərbaycandır və nida işarəsi” deməklə cavab verib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan o sözləri Xankəndidə demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi”, - deyə S.Alıyev əlavə edib.
Deputatın sözlərinə görə, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı:
“Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı. Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də, yer ola bilməzdi. diplomatik nokaut deyilən bir anlayış varsa, bu, o olsun gərək”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin çıxışı ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi bir daha təsdiq olundu.
“Cənab Prezident Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu vurğuladı”, - deyə F.Şəfiyev bildirib.
Ekspert Azərbaycan Prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticəsinə də toxunub:
“Nəticə ilə bağlı danışmaq hələ tezdir. Ancaq ümumən hesab edirəm ki, Rusiya Prezidentinin Yerevan səfərindən sonra Azərbaycanın dövlət başçısı ilə görüşməsi əlamətdar hadisə idi. Hesab edirəm ki, bu, Rusiya tərəfinin Azərbaycana diqqətinin göstəricisidir. Hər iki ölkə üçün dostluq münasibətlərinin, strateji tərəfdaşlığın inkişafı vacibdir”.
Aqşin Kərimov