Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, "Universal International Holdings Limited" şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşılayıblar.
Prezident İlham Əliyevə "Qobustan" Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.https://t.co/fgNzUgHMe7 pic.twitter.com/nRq0yUVxCV
— İlham Əliyev (@azpresident) September 16, 2026
"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.
Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.
Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin "Universal International Holdings Limited" şirkəti 2024-cü ildə hərracın qalibi olub.
"Qobustan" Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsi ilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.
Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.
"Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin geniş tətbiqidir.
Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 GVt, dənizdə 157 GVt-dır. İqtisadi potensial 27 GVt, o cümlədən külək enerjisi üzrə 3 GVt, Günəş enerjisi üzrə 23 GVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. "Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2 170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1 443.5 MVt), 6-sı külək elektrik stansiyası (306.5 MVt), 10-u Günəş elektrik stansiyası (378.2 MVt), 3-ü hibrid elektrik stansiyası (7.3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 21.5 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1.5 GVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.