Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib:
"Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir.
Nə Ukrayna xalqı, nə də Ukrayna hökuməti mənim məsləhətimə ehtiyac duymurdu, lakin mən bunu yenə təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi".