Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə beşulduzlu “Pik Palas” otelinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsərək, otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” otelinin geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri var. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunub.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak etdilər.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.
Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev göstərdiyi diqqət və qayğıya görə idmançılar adından dövlət başçısına təşəkkürünü bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günün ölkəmizin tarixində əlamətdar gün olduğunu, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həm idmanın, həm də turizmin yeni növünün formalaşdığını vurğulayıb.
Sonra prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdag” otelində yaradılan şəraitlə tanış oldular.
Dövlət başçısına bildirilib ki, bu otel yüksək səviyyəli dəbdəbəni, qonaqpərvərliyin ən üst səviyyəsini əməkdaşlarının səmimiyyəti ilə qonaqlarına təqdim edən gözəl istirahət məkanıdır.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 173 otağın olduğu otel nömrələri 5 kateqoriyaya bölünür - superior, deluxe, junior suite, suite və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan nömrələr. Otaqlarda qonaqların rahatlığı üçün hər cür şərait yaradılmış, termostatik duş, kabel televiziyası, havalandırma sistemi quraşdırılmış, internet və digər xidmətlər təklif olunur. Oteldə fəaliyyət göstərən restoranlar şəbəkəsində milli və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.
Dövlət başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu oteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış olublar.
Ümumi sahəsi 22 min kvadratmetrdən çox olan oteldə 164 nömrə yaradılacaq. Onlardan 149-u standart, 13-ü suit, 2-si isə dupleks suit nömrədir. Burada müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcəkdir. Oteldəki 112, 65, 52 və 45 nəfərlik restoran və kafelərdə qonaqlara keyfiyyətli xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq. Burada 130 nəfərlik konfrans zalı da qurulur. Otelə biznes mərkəzi, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA, hovuz və digər xidmət obyektləri daxildir. Binanın altında 77 yerlik avtomobil dayanacağı da inşa olunub.