“Bu gün bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada, beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə edirik”.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında bunu deyib.
Prezident qeyd edib ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırmışdır.
“Əgər bu, olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq.
Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir. Azərbaycan özü xaricə investisiyalar qoyur.
Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür.
Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir.
Bu il üçüncü regional inkişaf proqramı da qəbul edilmişdir. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir, müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem qalmayacaqdır”, - deyib İlham Əliyev.
Prezident bəyan edib ki, 2018-ci ilə qədər sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır.
“Bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır. Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq”, - deyib Prezident İlham Əliyev.