İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşüb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu vurğulanıb, iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin önəmi qeyd edilib.
Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib. İki ölkə arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olunub. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edilib.
İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirib. Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra, Romada Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edilib. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 14-də Romada iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.
İlk olaraq Azərbaycan prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunub.
Daha sonra Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio Lupi “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş” imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na isə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda imza atıblar.
İmzalanan Növbəti sənəd “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” olub. Memorandumu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin dövlət katibi Françeska Barraççiu imzalayıblar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti – İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu”na isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio imza atıblar.
Sonra, Azərbaycan prezidenti İlham Əliyev iyulun 14-də Romanın “Mercati di Traiano” muzeyində olub, burada şəhərin meri İqnatsio Marino ilə görüşüb və İtaliya jurnalistlərinə müsahibə verib.
Prezident İ.Əliyevi İ.Marino qarşılayıb.
Dövlət başçısına Romanın “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, nadir eksponatların qorunduğu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.
Daha sonra keçirilən görüşdə Roma meri Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirib. O, Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını, bunun ölkələrin və xalqların bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını deyib.
Mer Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirib. O, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxunub. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırıb.
Prezident İ.Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu deyib, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirib.
“Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir” deyən dövlət başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Prezident İ.Əliyev ölkələr arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Hazırda tərəfdaşlığın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən dövlət başçısı əmin olduğunu bildirib ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcək.
Görüşdən sonra prezident İ.Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Daha sonra dövlət başçısı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak edib.
Saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.
Sonra İ.Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini prezident İ.Əliyevə təqdim edib.