2023-cü ilin fevralında baş vermis zəlzələnin böyük dağıntıya səbəb olduğu Türkiyənin Kahramanmaraş bölgəsində çökən Sezai Karakoç adına ibtidai məktəbin yerinə Heydər Əliyev adına ibtidai məktəb inşa edilib.
Azərbaycan məhəlləsində tikilən məktəb Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan dövləti tərəfindən inşa edilib.
20 sinif otağından, üç laboratoriyadan, emalatxanalardan, idman zalından və oyun meydançalarından ibarət müasir təhsil mərkəzi şagirdlərini qəbul edib.
Oxu.Az "TRT Haber" telekanalına istinadla xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum məktəbin görüntülərini sosial şəbəkə hesabında paylaşaraq yazıb:
"Bura Kahramanmaraştakı Heydər Əliyev adına ibtidai məktəbdir. Əsrin fəlakətindən sonra təbii fəlakətlərə dözümlü, uşaqlarımız üçün təhlükəsiz məktəb inşa etdik. İndi dəhlizlərində övladlarımızın sevinci və həyəcanı var".
Məktəbin direktoru Murat Demirci bildirib ki, məktəbin inşası 16 ay müddətində tamamlanıb və onun möhkəm konstruksiyaya malik olduğuna diqqət çəkib:
"Hazırda 400 şagirdimiz var və bu sayın 1 500-ə yüksəlməsini gözləyirik".