"Biz Kanaki - Yeni Kaledoniyadan gəlmiş kiçik bir nümayəndə heyətiyik. Buraya gəlməkdə məqsədimiz ölkəmizi dünya miqyasında tanıtmaq, həmçinin FIFA tərəfindən təşkil olunan bu fürsətdən yararlanmaqdır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Kaledoniya dənizkənarı ərazisinin tərkibində yerləşən Loyalty Adalarının "UC-FLINKS" siyasi qrupunun üzvü Kalai İsabelle deyib.
O, Bakı Təşəbbüs Qrupuna dəstək üçün təşəkkür edib:
"Biz əvvəllər də bir neçə dəfə konfrans və seminarlarda iştirak etmək üçün buraya gəlmişik. Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqillik, tam suverenlik və Kanakinin azad gələcəyi uğrunda mübarizəsində bizə dəstək olur və yanımızda dayanır. Dünən də Bakı Təşəbbüs Qrupu logistika məsələlərində dəstək göstərərək Mayottadan olan gənclərə və kanak gənclərinə bu beynəlxalq tədbirdə iştirak etmək üçün kömək edib. Buna görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm".
"Bildiyiniz kimi, ölkəmiz Kanaki - Yeni Kaledoniya Noumea Sazişi çərçivəsində dekolonizasiya prosesindədir. Buna görə də Azərbaycan və Bakı Təşəbbüs Qrupu kimi digər ölkə və qurumlarla əlaqələrin, tərəfdaşlıqların qurulması çox vacibdir. Bu əməkdaşlıq ölkəmizin tam suverenliyə nail olması uğrunda mübarizəmizə dəstək vermək baxımından böyük əhəmiyyət daşıyır. İdman sahəsində də, gənclərlə bağlı məsələlərdə də bu gün burada iştirak etməyimizin məqsədi gənclərimizi gələcəyə hazırlamağın və onlara dəstək olmağın vacibliyini vurğulamaqdır. Çünki gənclər hər bir ölkənin gələcəyidir", - deyə nümayəndə əlavə edib.