Xəzər regionunda baş verənlərə görə “Xəzər beşliyi” - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan məsuliyyət daşımalıdır, Xəzəryanı region hər zaman belə region olaraq qalmalıdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Həştərxan vilayəti qubernatorunun vəzifələrini müvəqqəti icra edən Sergey Morozovla keçirdiyi görüşdə səsləndirib.
“Xəzər regionu xüsusi diqqət mərkəzidir, yaxşı mənada. Bütün Xəzəryanı dövlətlər arasında tam dəyərli əməkdaşlığın inkişafını nəzərdə tuturam”, - deyə Lavrov bildirib.
Lavrov ötən il uzun illər ərzində aparılan danışıqların bəhrəsini verdiyini deyib və Aktauda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlər tərəfindən imzalanmasını təqdir edib. Onun sözlərinə görə, sənədin ötən il qəbul olunmasına baxmayaraq, əsas prinsiplər hələ 2014-cü ildə Həştərxanda keçən Xəzər sammitində razılaşdırılmışdı.
“Rusiya ilə yanaşı, Xəzər beşliyinin digər üzvlərinin hər biri – Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan xarici siyasətin digər istiqamətlərində də bizim yaxın tərəfdaşlarımızdır. Xəzər regionu gərək hər zaman elə region olsun ki, orada baş verənlərə görə yalnız “Xəzər beşliyi” cavabdehlik daşısın. Bu, bizim üçün çox önəmlidir”, - deyə Lavrov bildirib.