Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Politoloq Turab Rzayev: "Lukaşenkonun əsas məqsədi Ermənistanı hədəf almaqdır"
Dünən Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə Qarabağ ətrafında baş verən hadisələrə və bu hadisələrin müharibəyə gətirib çıxarmasına görə ümumilikdə Ermənistan dövlətini və Paşinyanı günahlandırıb.
Oxu.Az-a məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Turab Rzayev Lukaşenkonun çıxışında diqqətçəkən məqamlardan bəhs edib:
"Artıq Aleksandr Lukaşenko ikinci dəfədir ki, eyni fikirləri səsləndirir. İndi Lukaşenko Avropada Ermənistan və Ukraynanı heç kimin gözləmədiyini deyir. Doğrudur, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və Nikol Paşinyanla Qarabağ məsələsi ilə bağlı danışıqlar aparılıb, həll variantları təklif olunub. Bu məsələlər artıq tarixdir və biz bunların şahidi olmuşuq. Ancaq Lukaşenkonun son çıxışından belə sual ortaya çıxır: Niyə Belarus dövlət başçısı bu məsələni vaxtaşırı təkrarlayır?
Fikrimcə, burada əsas məqsəd Ermənistanı hədəf almaqdır. O, çıxışında rəsmi İrəvanın müharibədə günahkar olduğunu, Ukrayna və Ermənistanı Avropa Birliyində heç kimin gözləmədiyini, Paşinyanın verilən təklifləri qəbul etmədiyini, döyüşməyi seçdiyini deyərək bunu ifadə etdi. Lukaşenko eyni zamanda Paşinyan hökumətinin Putini hədəf aldığını, Qərbə inteqrasiya etmək istədiyini, erməni xalqına qarşı olmadıqlarını bildirdi. Bunlar da hamıya bəlli məsələlərdir".
Söhrab İsmayıl