Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Maykl Vasyura: “Nüvə müharibəsi ehtimalını istisna etmirəm” - ABŞ-dan MÜSAHİBƏ
Ukraynadan Qərbə maksimum yardım göstərməsi üçün çağırışlar eşidilməkdə davam edir, Qərb isə buna birmənalı olaraq “yox” deyir, baxmayaraq ki, məsələn, Rusiyaya dəbdəbəli malların ixracına qadağalar qoyur.
NATO və ABŞ Rusiya Federasiyası ilə hərbi münaqişədən qorxur. Bunu dünən Ukrayna hadisələrinin Rusiya ilə NATO-nun müharibəsinə çevrilməməli olduğunu deyən NATO-nun baş katibi Yens Stoltenberqin və ABŞ qoşunlarının Ukraynadakı müharibəyə qarışmayacağını bildirən, əks halda III Dünya müharibəsinin başlayacağı ilə bağlı xəbərdarlıq edən ABŞ prezidenti Cozef Baydenin sözləri bir daha təsdiqləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlardan sonra ümumiyyətlə Rusiyanın Ukraynaya hücum etmədiyini bəyan edib.
Amerikalı analitik və jurnalist Maykl Vasyura Oxu.Az-a müsahibəsində Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlarına ABŞ və Qərbin reaksiyasından danışıb.
- Ukraynadakı vəziyyəti necə görürsünüz, ABŞ-da müharibə necə qiymətləndirilir?
- Açığını deyim ki, ABŞ-da Rusiya rəhbərliyinin dəli olduğuna inanırlar. Bu isə bütün dünya, hər şeydən əvvəl Ukrayna üçün çox təhlükəli vəziyyətdir. Lakin ABŞ bu münaqişəyə müdaxilə etmək istəmir, çünki onlar Rusiyadan nüvə cavabının gələ biləcəyindən ehtiyat edirlər.
ABŞ-da hər kəs başa düşür ki, Ukraynada əməliyyatlar Rusiyanın geosiyasi, iqtisadi və digər maraqlarına uyğun gəlmir. Bununla belə Rusiya prezidenti Vladimir Putin belə bir qərar verib.
- Rusiya Federasiyasından “nüvə cavabı” barədə söz açdınız. Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib. Ancaq əvvəllər Rusiyanın Ukraynaya müdaxiləsinin olmayacağına dair bəyanatlar da var idi, amma bu baş verdi...
- Təəssüf ki, mən nüvə müharibəsinin mümkünlüyünü istisna etmirəm. Ukraynaya hücuma gəldikdə isə, keçən ilin noyabrından amerikalı analitiklər və jurnalistlər işğalın baş verəcəyini deyirdilər. Vaşinqton bunu çoxdan bilirdi.
Hazırda amerikalı ekspertlər münaqişənin eskalasiyasından ehtiyat etdiklərini gizlətmirlər.
- Bəs Moskvanın Kiyevlə danışıqları istəmədiyi, “Ukrayna böhranı”nın ABŞ-la masa arxasında həllinə üstünlük verməsi fikrinə münasibətiniz necədir?
- Aydındır ki, Moskva Kiyevlə problemləri danışıqlar masası arxasında həll etmək istəmir. Amma məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları da Rusiya ilə razılaşa bilmir.
Rusiya Federasiyası üçün Ukraynanın müstəqil ölkə kimi mövcudluğu problemdir. Ukrayna öz suverenliyindən və müstəqilliyindən imtina etməyəcək, Vaşinqton isə Ukraynanın dövlət kimi mövcudluğunu dayandıracaq sənədi heç vaxt imzalamayacaq.
Rusiyanın son bir neçə ayda istədiklərini, təkid etdiklərini qəbul etmək sadəcə olaraq mümkün deyil.
- Bir çox ekspertlər, ilk növbədə ukraynalılar təkid edirlər ki, Ukrayna Rusiyaya müharibə elan etsin, çünki Rusiya xarici işlər naziri Sergey Lavrov “Rusiya Ukraynaya hücum etməyib” desə də, Rusiya qoşunlarının ölkəyə daxil olmasını inkar etmək mümkün deyil.
- Təbii ki, Ukraynanın ölkə ərazisinə soxulmuş Rusiya ilə müharibə vəziyyətində olması və ukraynalıların özünü müdafiə etməsi hər kəsə aydındır. Bu faktı təsdiqləyən yeni arqumentə isə sadəcə ehtiyac yoxdur.
Eyni zamanda, Kiyev başa düşür ki, əgər Rusiyaya rəsmi müharibə elan olunarsa, o zaman növbəti dəqiqələrdə Rusiya Federasiyasındakı təbliğatçılar “Biz yox, Ukrayna bizimlə müharibə aparır” deməyə başlayacaqlar.
Sergey Lavrovun Rusiyanın Ukraynaya hücum etməməsi ilə bağlı açıqlamasına gəlincə, bu, açıq-aydın yalandır. Rusiyada indi hətta müharibəni “müharibə” adlandırmaq belə qadağandır. Guya bu, xüsusi əməliyyatdır. Kreml hazırda Xarkovda, Sumıda, Mariupolda və tezliklə yəqin ki, Kiyevdə nə işlə məşğul olduğunu rusiyalılardan gizlədir.
- Bu müharibə nə vaxt bitəcək?
- Müharibə yalnız Rusiyanın indiki rəhbərliyi gedəndən sonra bitə bilər. Bunun nə vaxt olacağını bilmirəm, amma o vaxta qədər münaqişə davam edəcək. İlk olaraq ukraynalılar əziyyət çəkir, amma rusiyalılar da artıq problemlərlə üzləşirlər. Bu, uzun sürən müharibə olacaq.
Nair Əliyev