MDB ölkələrinin birgə antiterror təlimi bu il ilk dəfə Özbəkistan ərazisində keçiriləcək.
Bu barədə çərşənbə günü Moskvada MDB iştirakçısı olan dövlətlərin milli antiterror mərkəzləri rəhbərlərinin (qərargah rəislərinin) 17-ci iclasının yekunlarına dair MDB Antiterror Mərkəzinin (ATM) Mətbuat Xidməti məlumat yayıb.
“Nümayəndələr terrorizmə qarşı mübarizə sisteminin effektivliyinin yoxlanılmasında və birgə fəaliyyətin ahəngdarlığının işlənib hazırlanmasında mühüm elementin antiterror təlimləri olduğunu qeyd ediblər. MDB-yə üzv dövlətlərin builki “Şərq-Antiterror - 2024” təlimi ilk dəfə Özbəkistan Respublikası ərazisində keçiriləcək”, - ATM-in məlumatında deyilir.
Bundan əlavə, MDB ATM-də keçirilən elmi-məşvərət şurasının iclasında terrorizmlə mübarizə sahəsində pilotsuz sistemlərdən istifadənin hüquqi tənzimlənməsi, terrorçu və ekstremist məqsədlər üçün istifadə edilən pilotsuz nəqliyyat vasitələrinə qarşı mübarizə təcrübəsi məsələlərinə baxılıb.
Mənbə: TASS