Ölkə prezidenti İlham Əliyevin 2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatlar davam etdirilir. Bu, cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır.
Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Ölkə prezidenti bir müddət öncə anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq sahəsini deyil, digər sahələri də əhatə edəcək yeni fərmanlar veriləcək.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Millət vəkilinin sözlərinə görə, bu islahatlar inqilabi xarakter daşıyır.
“Sənədlə tanış oldum. Bu fərmanda məhkəmə sisteminin tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi, ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb.
Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu sənədlər hazırlanandan sonra Azərbaycanda, həqiqətən, müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik.
Fərmanda hüquqi öhdəliklər öz əksini tapıb. Bu fərman son dərəcə ciddi və tarixi sənəddir. Sənədə görə cənab prezidentə təşəkkür edirəm”, - deyə F.Ağamalı əlavə edib.
Adıçəkilən komitənin sədr müavini Məlahət İbrahimqızı ölkə prezidentinin son fərmanını çox müsbət və təqdirəlayiq hesab etdiyini bildirib.
Qeyd edib ki, Azərbaycanda bütün sahələrdə islahatlar prosesi gedir və son aylar bu proses daha sürətli, daha intensiv xarakter alıb:
“Məhkəmə-hüquq sahəsində, heç şübhəsiz, islahatlara ehtiyac duyulurdu. İslahatlar prosesi bu sahədən də kənarda qala bilməzdi. Əslində, zaman-zaman məhkəmə-hüquq sistemində islahatlar aparılmışdı, ancaq dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, islahatların yeni mərhələsinə ehtiyac duyulurdu.
Ölkə prezidentinin Azərbaycan xalqına Novruz təbrikində bu islahatların anonsu verilmişdi. O qeyd etmişdi ki, “islahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar davam etdiriləcək, artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır”.
Artıq gördüyünüz kimi, hər zaman verdiyi sözə, vədinə sadiq olan dövlət başçısı məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı fərman verdi. Hesab edirəm ki, bu fərman ölkədə məhkəmə-hüquq sisteminin daha da inkişafına öz müsbət töhfələrini verəcək, bu sahədə üzə çıxan bəzi problemlərin həllinə müsbət təsirini göstərəcək. Bu fərman, sadəcə, təqdirə və alqışa layiqdir”.
Kamil HƏMZƏOĞLU