"Zəngilanın Məmmədbəyli kəndindən çıxanda mənim 31 yaşım var idi, indi isə 65 yaşım var, övladımla, nəvələrimlə öz doğma yurduma qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Asif Mürvət oğlu Orucov deyib.
O bildirib ki, ən böyük arzusu bir gün belə olsa, öz doğma yurduna qovuşmaq olub:
"Sumqayıtda yarımçıq bir tikilidə 35 il köçkünlük həyatı yaşadıq. Çox çətinliklər gördük, itkilər verdik, amma şükürlər olsun ki, qalibiyyət, zəfər bizim oldu. Torpaqlarımız işğaldan azad edildi. Bizim ən böyük arzumuz həyata keçdi. Bu gün bizə yuxu kimi gəlir, elə bilirik ki, yuxudayıq. Artıq 2025-ci ildə biz öz yurdumuza əbədi olaraq qayıdırıq. Azad olunan ərazilərimizdə böyük quruculuq işləri gedir. Hətta ən qısa zamanda əminik ki, Qadabağımız, işğalda qalan torpaqlarımız əvvəlkindən daha gözəl, abad və çiçəkli olacaq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 143 nəfər köçürülür.
Rövşən Əsədov