Rusiya ilə tərəfdaşlıq münasibətlərinin sınaqdan keçirildiyi günlərdə Azərbaycan və Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edərək, bütün sahələri əhatə edir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibəsində bildirib.
“Bizim əlaqələr qarşılıqlı hörmət və qarşılıqlı səmərəli əməkdaşlığa əsaslanır. Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. Biz ərzaq mallarını, kənd təsərrüfatı xammalını, metallar, ağac məmulatları, avadanlıq, nəqliyyat vasitələri, kağız məmulatları alırıq.
Azərbaycanın Rusiyaya ixracı mineral xammal, tekstil, pambıq, kənd təsərrüfatı mallarından ibarətdir. Azərbaycanda 500 Rusiya şirkəti qeydiyyatdan keçib, onlardan 200-ü 100 faizlik Rusiya kapitalı ilə, 300-ü isə müştərək müəssisə kimi fəaliyyət göstərir. İri Rusiya istehsalatçıları və şirkətləri arasında “Qazprom”, LUKOYL, KamAZ və VTB yer alır”, - nazir bildirib.
Elmar Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Rusiya terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə də əməkdaşlıq edir, bu isə regionda sabitliyin və təhlükəsizliyin təminatına böyük töhfədir.
“Turizm sahəsində yaxşı inkişaf perspektivləri mövcuddur. İldən-ilə Rusiyadan gələn turistlərin sayı artır. Bizdə rusiyalıların istirahəti üçün yaxşı şərait mövcuddur (yaxın məsafə və dil baryerinin olmaması).
Mədəniyyət və təhsil sahəsini xüsusi qeyd etmək istərdim. 13 min azərbaycanlı tələbə Rusiya ali məktəblərində təhsil alırlar. Hər həftə praktiki olaraq Azərbaycana məşhur rusiyalı kollektivlər qastrola gəlir. Qarşılıqlı səfərlərin intensivliyi, Azərbaycan mədəniyyətinin və mətbəxinin təbliği, ölkələrimiz arasında tələbə mübadiləsi bizi yalnız sevindirə bilər.
Qeyd edim ki, Azərbaycanda 120 minlik Rusiya icması – Cənubi Qafqazda ən böyük icmadır. Onlar ölkəmizin inkişafına böyük əmək sərf edən, Azərbaycanın ləyaqətli vətəndaşlarıdır.