Dağlıq Qarabağ problemi Moskvada keçirilən danışıqlarda aktiv müzakirə olunub, məsələ artıq yetişib və onu həll etmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşün yekunları üzrə bildirib.
“Dağlıq Qarabağ münaqişəsinə dair səslənmiş nikbinlik notlarını mən də bölüşürəm, - deyə, o, bildirib. – Mövzu var, problem var, onu həll etmək lazımdır. Artıq vaxtı çatıb”, - deyə, Məmmədyarov bildirib.
Öz növbəsində Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri arasında nəzərdən keçirir.
“Rusiya münaqişə tərəfləri arasında razılığın əldə olunmasına yardımı əvvəlki kimi öz xarici siyasət prioitetlərindən biri hesab edir, - deyə, Lavrov bildirib. – Biz qarşı tərəflərin qəbul edəcəyi razılaşmaların axtarışına yardımımızı davam etdirəcəyik”.
Lavrov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanlarına “möhkəmlənən nikbinliklə” yanaşır.
“Düzünü desəm, mən hazırkı vəziyyətə ehtiyatlı, lakin yenə də möhkəmlənən nikbinliklə baxıram”.
Ümumilikdə münaqişədən danışan rusiyalı nazir, onun çox uzandığını bildirib.
“Yəni, razılıq əldə etmək üçün real baza var – bununla hamı razıdır və indi bu anlaşmaların konkret formullar dilinə çevrilməsi işi qalıb”, - deyə, Lavrov bildirib.
“Adətən bu, asan iş deyil, lakin sizi əmin edirəm ki, ən azından Rusiya rəhbərliyinin münaqişənin münasib nizamlama variantlarının axtarışı üzrə tərəflərin səylərinə yardımı heç zaman azalmayıb”, - deyə, Rusiya XİN rəhbəri əlavə edib.