Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT - YENİLƏNİB
Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.
Oxu.Az xəbər verir ki, deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib.
Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur.
“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, - deyə bəyanatda bildirilib.
Bəyanat səsə qoyularaq qəbul edilib.
12:06
Milli Məclis Fransa Senatının martın 16-da Azərbaycana qarşı təşkil etdiyi dinləməyə etiraz edib.
Oxu.Az-ın məlumatına əsasən, məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, parlament həmin təxribata cavab üçün bəyanat hazırlamalıdır.
Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.
Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.
Qeyd edək ki, martın 16-da Fransa Senatında Ermənistana və Qarabağa dəstək adı ilə dinləmə keçirilib. Dinləmədə Ermənistanın separatçılıq mövqeyindən çıxışlar edilib.
Aqşin Kərimov