İki ölkənin parlamentləri arasında yük səviyyəli münasibətlər var. Hər iki parlament bir-birinə qarşı ədalətli mövqeyi ilə seçilir ki, bu da ölkələr, dövlətlər və xalqlararası münasibətlərdə çox vacib məqamlardandır.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əli Hüseynli Rusiya parlamentariləri ilə parlamentdə keçirilən görüşdə deyib.
Ə.Hüseynli MM-də müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğunu, o cümlədən, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkillərinin çoxluq təşkil etdiyini bildirib.
“Həmçinin, hakim partiyadan olan xeyli gənc deputatlar var. Eyni zamanda, Dostluq Qrupumuzda hakim partiyadan olan millət vəkilləri və gənc deputatlar çoxdur. Komitəmizin üzvlərindən biri də Azərbaycandakı Ruc İcmasının rəhbəri Mixail Zabelindir”, - deyə Ə.Hüseynli əlavə edib.
M.Zabelin isə Gürcüstan və Ermənistanla müqayisədə, həm Azərbaycanda, həm Rusiyada multikultural mühitin olduğunu deyib.
O qeyd edib ki, Azərbaycanda həm ruslara, həm də rusdilli xalqlara çox yüksək, tolerant münasibət var.
Millət vəkili Azərbaycanda rus dilinə böyük diqqət və qayğının olduğunu sözlərinə əlavə edib:
“Azərbaycanda rus dili hər zaman diqqət və qayğı ilə əhatələnib. Azərbaycanda rus dilində tədris aparan xeyli sayda məktəblər var. Bunlar rus xalqına və rus dilinə hörmətin bir əlamətidir”.
Millət vəkili iki ölkə arasında yüksək səviyyəli münasibətlərə misal kimi dünən iki ölkənin prezidentinin bir araya gəlməsini göstərib:
“Dünən çox yüksək səviyyəli görüş baş tutdu. Bu görüş iki ölkə arasında münasibətlərin səviyyəsinin parlaq nümunəsidir”, - deyə, M. Zabelin qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az