Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
P.Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.
Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən monteneqrolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. O, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.