Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ordu sıralarından tərxis olunmaq üçün raport yazıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Nazir müavininin raportu ötən həftə yazdığı bildirilir. Raportla bağlı müvafiq qərarın yaxın vaxtlarda qəbulu gözlənilir.
Daha bir işdən çıxmaq haqqında raportu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev yazıb.
Teymur Abdullayev raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
Bundan başqa, bu gün general-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.
Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.
M.Yusifov açıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.
Buna qədər H.Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H.Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib.