"Konstitusiya dövlətin təməlini təşkil edir. Çünki konstitusiya və məhkəmə sistemi demokratik quruluşun simvoludur".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Baş katibin müavini Muhammet Alper Hayali deyib.
O bildirib ki, 30 il əvvəl qəbul edilmiş Azərbaycan konstitusiyası məhz bu məqsədlərə xidmət edir:
"Bu gün Azərbaycan xalqı ilə yanaşı, türk dünyası üçün mühüm tarixdir. Prezident İlham Əliyevin də dediyi kimi, bizim ailəmiz türk dünyasıdır. Bu baxımdan da Azərbaycan Konstitusiyası türk dünyasında qanunvericilik bazasının və parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Ortaq gələcək qurmaq üçün bu mühüm amildir. Bütün türk dünyasına sülh və rifah arzulayırıq".
Mərahim Nəsib