Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir: Avropa Məhkəməsi Dilqəm və Şahbazla bağlı mövqeyini açıqlayacaq
Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır. Həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə.
Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Oxu.Az-a və bir neçə KİV-ə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər.
“Əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!”,- deyə E.Məmmədyarov qeyd edib.
Nazir xatırladıb ki, D.Əsgərov və Ş.Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər.
“Azərbaycan hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Aqşin Kərimov