Azərbaycanda reaktiv mərmilərin istehsalı başlayır.
AZE.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” (“NQ”) mətbu orqanı “Bakı hərbi potensialını artırır” başlıqlı məqaləsində yazıb.
“Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrindən birində reaktiv mərmilərin buraxılışı üzrə istehsalat xəttinin sazlanması prosesi başa çatır. APA informasiya agentliyinin məlumatına əsasən, bu layihə Türkiyənin Roketsan şirkəti ilə birgə həyata keçirilir. Roketsan-dakı mənbənin məlumatına görə, türk şirkəti raketlərin mühərriklərinin istehsalına görə məsuliyyət daşıyacaq, qurğunun digər hissələrinin buraxılışı və 107, 122 millimetrlik raketlərin yığılması isə birbaşa Azərbaycanda həyata keçiriləcək” – deyə, qəzet yazır.
“Məlum oldu ki, 122 millimetrlik raketin atış məsafəsi bu gün Azərbaycan ordusunun silahlanmasında olan və “Qrad” reaktiv yaylım atəş sistemində tətbiq olunan analoji mərmilərdən iki dəfə çoxdur.
107 millimetrlik mərmilərin atış uzaqlığına gəldikdə isə, o, Ukrayna və Rusiyadakı analoqlarından 4 kilometr çoxdur.
Qeyd etmək lazımdır ki, hazırkı layihənin həyata keçirilməsi Azərbaycanın bir neçə il əvvəl əsası qoyulmuş Müdafiə Sənayesi Nazirliyinin uğrulu fəaliyyətinə dəlalət edir. Nazirliyin strategiyası respublikada milli ordunun qabaqcıl texnika və silahlarla təmin olunması üçün müasir güclü bazanın yaradılmasına yönəlib. Bu məqsədlə MSN Türkiyə, İsrail, Cənubi Afrika Respublikası və bir sıra digər ölkələrlə sıx, qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir” – deyə, qəzet qeyd edir.
“Məsələn, Azərbaycan MSN-nin “Optika” istehsalat birliyi Türkiyənin ASELSAN şirkətinin lisenziyası əsasında optik cihazların istehsalına başlayıb. ASELSAN-ın məlumatına görə, Azərbaycan SQ-də həmçinin “Şahin gözü” elektron optik sistemlər, “Piton” istilik nişangahları, AVS 6 aviasiya gecəgörmə sistemləri və lazer məsafəölçənləri geniş istifadə olunur.
Bununla yanaşı, Azərbaycan ildən ilə müasir hərbi texnika və silahların alışını artırır. Nüfuzlu hərbi mətbu orqanların statistik məlumatlarına əsasən, 2003-2007 və 2008-2012-ci illərdə Şərqi Avropa ölkələri tərəfindən hərbi təyinatlı məhsul idxalının həcmi 21% artıb. Və bu əsasən Azərbaycanın hesabına baş verib. Azərbaycan regionda hərbi idxalı 155% artıraraq, dünya idxalatçılarının siyahısında 48-ci yerdən 35-ci yerə yüksəlmiş yeganə ölkədir.
Bu sıçrayış müdafiəyə ayrılmış vəsaitlərin həcmindəki artımın reytinqində də özünü göstərir – 2013-cü ildə Azərbaycanın müdafiə xərcləri 3 mlrd. 700 mln. dollar təşkil edib.
Rəsmi Bakının ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə bu qədər vəsait sərf etməsi və Milli Ordunun gücünün artırılması Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır” – KİV vurğulayır.
www.aze.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin