Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Öz dərvişləri Parisi partlatmasa, yaxşıdır
Paris həminki Paris, yəni, Heminqueyin vəsf etdiyi, “həmişə səninlə olan bayram Paris” deyildi.
Oxu.Az xəbər verir ki, bunu Fransada, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclasında iştirak edən və son günlər Parisdə baş verənləri yaxından izləyən akademik Rafael Hüseynov yazıb və çəkdiyi fotoları paylaşıb:
“2018-ci il dekabrın 4-dən 9-dək yenə Parisdə ezamiyyətdə idim. Ötən həftələrin şənbə günlərində Parisdə nümayişlər, mitinqlər, küçə yürüşləri olmasından xəbərim vardı. Fransızlar azadlıq, sərbəstlik sevən xalqdır, bir inqilabi ruhu həmişə onlara xasdır.
Gözəllik aşiqliyi, zərif sənət duyğusu bu xalqın sifətlərindəndir, inqilabçı barışmazlığı və amansızlığı fransızlara aid keyfiyyətlərdəndir. Bütün bunlar tarixdən bəllidir və Fransada dəfələrlə baş vermiş inqilablar, çevrilişlər xalqın həmin məziyyətini təsdiqləməkdədir.
Mən ötən illərdə Parisdə nümayişlərin, etiraz mitinqlərinin, çeşidli toplaşmaların baş verməsindən xəbər tutmuşam, lap yaxın məsafədən izlədiklərim də olub. Amma onlar, adətən, Parisin ucqar rayonlarında, şəhərkənarı məhəllələrdə cərəyan edərdi və tez də bitərdi”.
Millət vəkili yazıb ki, indi isə vəziyyət başqadır:
“Hadisələr şəhərin göbəyində, Parisin mərkəzində, Yelisey çöllərində və onun həndəvərində tüğyan edir. Həm də miqyaslar nəhəngdir. Keçənhəftəki izdihamların ürək ağrıdan nəticələri göz qarşısında idi. Sosial narazılıqlar dalğasında başlanan bu etirazlar şəhərdə dağıntılara səbəb olmuşdu, neçə maşın yandırılmışdı, neçə məşhur butik şüşələri sındırılaraq qarət edilmişdi, yaralananlar, xəsarət alanlar, həbs edilənlər də bolluca.
Cümə günü, dekabrın 7-də şəhərin mərkəzində müşahidə edilən mənzərə acınacaqlı idi.
Bütün məşhur mağazaların birinci mərtəbədəki şüşə vitrinləri bomboş, içəridəki piştaxtalar sanki silinib-süpürülmüşdü.
Dükan sahibləri keçən həftə törədilənlərdən dərs almışdılar. Gecə saatlarına qədər xüsusi şirkətlərdən gələn maşınlar mağazaların qarşısında dayanır, şüşə vitrinlərə taxta ötrüklər çəkilirdi.
Mənim, adətən, qaldığım “Castiglione” hoteli prezident iqamətgahının 40-50 metr kənarda yerləşirdi.
Ötən həftə baş verənlərdən xəbərdar olan tanışlar məsləhət görürdülər ki, ayın 8-də hoteldən ya tezdən çıxaraq şəhərin daha sakit hissəsinə gedək və bir də axşam 9-10-dan sonra, ara sakitləşəndə qayıdaq, ya da ən salamatı, hoteldən heç aralanmayaq.
Həm də nəzərə alaraq ki, sabah bu ətrafda heç bir mağaza, kafe işləməyəcək, bəri başdan yemək, su ehtiyatı da görmək lazımdır.
Görəcəkli günlərimiz varmış. Parisdə bunlar da yaşandı. Dekabrın 8-ni hoteldə dustaq kimi oturası olduq. Tək mən yox, elə hamı. Çünki arada şəhərin hər hansı səmtinə getmək istəsək də, 5-6 çıxış küçəsi və döngəsinin hər birində əli silahlı polislər bizi qarşıladılar ki, getmək olmaz, təhlükə var, yollar bağlıdır.
Canlı yayımla isə televiziyadan an-an gərginləşən hadisələri izləyirdik. Nəğmələr qəhrəmanı, şeirlər ünvanı, Parisin qonaqlarının sevimli məkanı Şanzelize yenə həmişəki kimi izdihamlı idi.
Amma bu ənənəvi turistlər selinin deyil, qızmış kütlənin izdihamı idi. Havada nümayişçilərin yerdən qopardığı daşlar uçurdu, gözyaşardıcı qaz tüstüsü aləmi bürümüşdü, ara-sıra nəsə partladılırdı, bəzi yaxın küçələrdə neçə maşın alışdırılmışdı, qara tüstü ətrafı bürüyürdü, hətta mağazaların taxtalanmış vitrinlərinə də yenə hücumlar vardı.
Keçənhəftəki kimi olmasa da, bu həftə yenə xoşagəlməz mənzərələr təkrarlanırdı.Sonra nümayişçilərin qatarı Şanzelizedən İnqilab meydanına doğru axışdı. Bizim tərəflərə bir az da yaxınlaşdılar. Bayaqdan televiziyadan gələn vahiməli səslər indi lap yaxından eşidilirdi.
Arada baş nazir çıxış edir, daxili işlər naziri vəziyyət haqda məlumat verir, ümummilli dialoqa çağırışlar edilir.
Qəflətən Bordodan da Parisdəkindən daha narahatedici inqilab xəbərləri və görüntüləri gəlir. Hökumət qüvvələri bu dəfə keçənhəftəkinə nisbətən daha mütəşəkkil və qətiyyətli hərəkət edir. Yüzlərlə daha aqressiv nümayişçi saxlanılaraq aparılır. Yəqin, elə buna görə də dekabrın 8-dəki küçə yürüşləri keçən şənbə baş verənlərdən 4-5 saat tez yekunlaşır.
Axşam nümayişçilər dağılşımağa başlayanda küçəyə çıxdım. Hər yan artıq evə tələsən “sarı gödəkçəlilərlə” dolu idi”.
Onun yazdığına görə, səhərə adamın rəhmi gəlirdi, nəfəs almaq da çətin idi:
“Yenə təbiət özü dada yetdi. Yağış başladı. Əvvəlcə narın, getdikcə daha şıdırğı. Yağmur kiri-pası, utandırıcı, Parisə heç yaraşmayan tüstü dumanı, iyi-qoxunu yumağa, sanki diksinmiş köhnə küçələri, binaları toxtatmağa başladı.
Nədir bütün bunlar?
Doğrudanmı, sırf həmkarlar təşkilatlarının təşkilatçılığı və idarəçiliyi ilə zəhmətkeşlərə daha yaxşı həyat şəraiti qazandırmaq üçün aparılan mübarizə? Axı bu elə əvvəldən də fransızlara, ümumən, avropalılara xas mübarizə üsullarındandır. Lakin indi ölçülər, əhatə başqadır axı!
20 mindən artıq adam bu şənbə - dekabrın 8-də çıxmışdı, qarşıdakı günlərdə sıraların daha da sıxlaşacağı ehtimal edilir.
Bəlkə, bu, hakimiyyətdaxili çəkişmələrin belə üzə çıxan şəklidir? Bəlkə, bunların ardında xarici əllər də var?
Bəs o dağıdıcılar, talançılar, araqarışdıranlar, açıq kriminal ünsürlər necə qatılıb bu axına?
Fürsətdən istifadə edərək özləri əl qızdırmaq üçün araya soxulublar, ya bu da xəbərdarlığın bir şəklidir ki, istəsək, belə xaos da yaradarıq?
Təfərrüatı bilmədən sonacan ağlabatan, məntiqli mülahizə irəli sürmək, gerçək proqnoz vermək müşküldür. Amma istənilən halda bir mühüm öncəgörümü etmək üçün peyğəmbər, ya fövqəladə bəsirət sahibi olmağa lüzum yoxdur.
Çətin ki, bu qarışıqlıqlardan guya mənafeyi əsas götürülərək mübarizə aparılan sadə xalq nəsə əldə edəcək. Hələ ki, qazancı narahatlıqdır. Sonrasındansa Allah saxlasın!
Parisin öz dərvişləri Parisi partlatmasa, yaxşıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Fransa" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Fransa vətəndaşı: "Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil"
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- KİV: "Fransa və Böyük Britaniya Rusiyanın daxilinə zərbə endirməyə icazə verdi"