"Bu, mənim Şuşaya üçüncü səfərimdir. Artıq görürəm ki, Şuşa Qlobal Media Forumu sadəcə təşəbbüs yox, bir instituta çevrilib".
Oxu.Az xəbər verir ki, bu sözləri Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Şuşaya ilk dəfə şəhər işğaldan azad edildikdən qısa müddət sonra səfər edib:
"O zaman Şuşadakı vəziyyət indiki kimi deyildi. Amma indi tamamilə yenidən qurulmuş bir şəhər görürəm. Mən Füzulidən və Şuşadan olan insanlarla söhbət zamanı bu ərazilərin ermənilər tərəfindən işğalına, yerli əhalinin çəkdiyi əzab və itkilərə dair hekayələrini eşitmişəm".
Forum iştirakçısı əlavə edib ki, hər dəfə Azərbaycana səfəri zamanı yeni məlumatlar öyrənir:
"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin region və qlobal sülh konsepsiyası ilə bağlı geniş və məzmunlu çıxışı olduqca yaddaqalan oldu".