Parisdə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ermənistan təxribata əl atıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Azərbaycanın Mədəniyyət naziri, Əbülfəs Qarayevin çıxışından sonra olub.
Nümayəndə heyəti bildirib ki, təhlükəsizlik şərtləri təmin edilmədiyindən Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş sessiyasında Ermənistanın iştirakı mümkün olmayıb.
Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab verib. Bildirilib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib.
Qeyd olunub ki, bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib.
Bildirilib ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir.
Azərbaycan nümayəndə heyəti, həmçinin UNESCO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.
Aqşin Kərimov