Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Parlamentarilərin görüşləri Azərbaycan və Ermənistana nə qazandıracaq? - VİDEO
Azərbaycan ilə Ermənistan arasında yeni format başlayır. Sülh prosesinin sürətlənməsi istiqamətində tərəflər arasında müxtəlif formatda görüşlər keçirilir. Hər iki ölkənin dövlət rəsmilərinin görüşlərinə yeni format əlavə edilir.
Belə ki, artıq Azərbaycanla Ermənistanın parlament sədrləri mühüm məsələlərlə bağlı bir araya gəlirlər. Parlament diplomatiyasının başlanması, xüsusilə bu görüşlərin Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı müzakirələrin getdiyi ərəfədə baş verməsi, şübhəsiz ki, əlamətdar hadisədir.
Ermənistanın ali qanununda, həmçinin digər qanunvericilik aktlarında kifayət qədər ciddi problemlər var. Parlament diplomatiyasında isə əsas iki səbəb özünü göstərir. Birincisi, Ermənistanın Konstitusiyası və digər qanunverici aktlarındakı sülh prosesinə mane olacaq maddələrin dəyişdirilməsidir. Bunun üçün parlamentlərarası əməkdaşlığa ciddi ehtiyac var.
Düzdür, bu məsələ dövlət rəsmiləri arasında müxtəlif formatlarda baş tutan görüşlərdə müzakirə edilir. Ancaq məsələnin parlament səviyyəsində qaldırılması problemin daha dərinliyinə enməyə kömək edəcək. Bu isə problemin daha tez və əhatəli həllinə kömək edəcək. İkincisi isə xalqlar arasında etimad mühitinin qurulmasının vacibliyidir. Prosesin ən önəmli mərhələsi isə parlamentarilər arasında baş tutacaq əməkdaşlıq olacaq. Hazırda Qərbi Azərbaycanla bağlı məsələ də Ermənistanla aparılan danışıqlarda bizim üçün əsasdır. Son zamanlar Qərbi Azərbaycan İcmasının fəaliyyəti də yeni mərhələyə keçir.
İcmanın fəaliyyətində yaxından iştirak edən, Qərbi Azərbaycanla bağlı məsələlərdə kifayət qədər məlumatlı olan xeyli sayda millət vəkilimiz var. Bu isə məsələnin üzərinə ümumi yox, birbaşa, yəni rayonlar üzərindən getməyə kömək olacaq. Azərbaycan parlament diplomatiyasında böyük uğurlar qazanıb. Milli Məclisin xarici əlaqələrdə, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ikitərəfli əlaqələrin qurulmasında mühüm xidmətləri olub.
Parlamentin hazırkı sədri Sahibə Qafarova spiker olmamışdan əvvəl də AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi aktiv fəaliyyəti ilə seçilib. İndi onun ermənistanlı həmkarı Alen Simonyanla görüşləri, artan qarşılıqlı təmaslar, parlamentlərası əməkdaşlıq öz bəhrəsini verəcək. Yeni görüşlərin planlaşdırılması və verilən mesajlar müsbət ümidlər formalaşdırır.
Ətraflı Baku TV-nin süjetində: