"Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta tamamilə əldə edilə biləndir".
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, buna bir neçə amil təsir edir.
Əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. O, həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər ki, bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir.
Ermənistan lideri əlavə edib ki, növbəti addım sülh müqaviləsinin imzalanması və dövlətlərarası əməkdaşlığın tam qurulması olacaq. Ermənistan Bakı ilə sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı və qalan bəndləri sonra müzakirə etməyi təklif edir.
"Bütün məsələləri dərhal həll edəcək heç bir sülh sazişi yoxdur, hətta saziş imzalandıqdan sonra da ölkələr yeni sazişlər bağlamağa və əlavə razılaşmalar əldə etməyə davam edə bilərlər" , - deyə baş nazir izah edib.
O, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan Konstitusiyasına dəyişiklikləri istisna etməyib.
Paşinyanın sözlərinə görə, saziş imzalandıqdan sonra sənədin əsas qanuna uyğunluğu ölkənin Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılmalıdır. Bu prosesdə razılaşmanın Konstitusiyaya zidd olduğu üzə çıxarsa, o zaman sülh naminə Konstitusiyaya dəyişiklik etmək lazım gələcək.
"Əgər Konstitusiya Məhkəməmiz sazişin ölkə Konstitusiyasına uyğun olduğuna qərar verərsə, o zaman bu sənədin ratifikasiyasına Ermənistan parlamentində heç bir maneə olmayacaq" , - o qeyd edib.