Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə Ermənistan-Azərbaycan danışıqlarının gedişini və mümkün sülh sazişinin imzalanmasını müzakirə edib.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
BƏƏ prezidenti İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Paşinyan öz növbəsində, BƏƏ-nin regional sabitliyə töhfəsində və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində rolunu qeyd edib.
Bundan əlavə, ölkə liderləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan BƏƏ-də işgüzar səfərdədir.
Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat N.Paşinyanın "Facebook" səhifəsində yerləşdirilib.
Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü planlaşdırılır.
Məlumat üçün əlavə edək ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.