Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, rəsmi görüşün məhz Şuşada keçirilməsi ideyası Azərbaycan dövlətinin başçısı İlham Əliyevə məxsus olub.
Oxu.Az xəbər verir ki, bu barədə Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün əslən bakılı olan tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri və Azərbaycan lideri İlham Əliyevlə görüşü barədə təəssüratını bölüşərkən deyib.
"Əlbəttə, mən dərhal razılaşdım, çünki bu ərazinin tarixini bilirəm. Biz bu uzun dövrü başa çatdırmaq üçün görülmüş işləri, həqiqətən, yüksək qiymətləndiririk", - deyə Slovakiya prezidenti bildirib.
Pelleqrininin sözlərinə görə, bütün Slovakiya nümayəndə heyəti Şuşa və onun ətrafında həyata keçirilən nəhəng infrastruktur investisiyalarına heyran qalıb.
Slovakiya lideri İlham Əliyevlə aralarındakı şəxsi münasibətləri xüsusi qeyd edib:
"Bu, formal səfər deyil. Siz dərhal - görüşün ilk saniyəsindən hiss edirsiniz ki, biz iki dost kimiyik. Ölkələrimiz arasında açıq qalmış məsələlər yoxdur. Bu, strateji tərəfdaşlıqdır".
Pelleqrini, həmçinin məzəli bir müşahidəsini bölüşüb: Prezident İlham Əliyev şəxsən avtomobilin sükanı arxasında hotelə gəldi və onu özü kəndə aparıb.
"O danışdı ki, COVID pandemiyası zamanı sürücülər əlçatan olmayanda yenidən maşın sürməyə başlayıb və indi bu onun xoşuna gəlir", - Pelleqrini gülümsəyərəq deyib.