"Hər dəfə Bakıya gələndə yeni nəsə meydana çıxır - yeni sahil parkları, abidələr, binalar. Amma eyni zamanda siz İçərişəhəri əla vəziyyətdə qoruyub saxlayırsınız. Sahil parkından köhnə tarixi qala və Bakının kiçik küçələrinə keçid mənim çox xoşuma gəlir".
Oxu.Az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün Bakıda doğulmuş tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratını bölüşərkən deyib.
Slovak lider ayrıca Bakıdakı "Formula-1" Qran-prisini - dünyada Monakodаn sonra ikinci şəhər yarışını qeyd edib: "Bunu televizorda izləyəndə nə qədər gözəl görüntülər olur. Tras İçərişəhərdən keçir və deyəsən, "Formula-1"in sürət rekordu məhz Bakıda qeydə alınıb". Doğrudan da, Bakı trasında "Formula-1" tarixində ən yüksək sürətlərdən biri - Xəzərin sahilboyu uzanan start düzlüyündə 378 km/saata çatan sürət qeydə alınıb.
Azərbaycan xalqına müraciət edən Pelleqrini deyib: "Mən onları son onilliklərin bütün nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Onlara uğurlar, sağlamlıq, xoşbəxtlik arzulayıram. Qoy onlar öz ölkələri və tarixləri ilə fəxr etməyə davam etsinlər. Biz xalqlarımız arasındakı dostluğu həqiqətən yüksək qiymətləndiririk".