"IT SkillSprint" beynəlxalq təhsil proqramı çərçivəsində beş ay davam edən intensiv təlim mərhələsi uğurla başa çatdı. Beş ay əvvəl qarşıya qoyulan əsas məqsəd Azərbaycanın ən perspektivli universitet tələbələrinin bir qisminə ənənəvi akademik semestri texnologiya sektorunun real tələbatına uyğun intensiv praktiki təcrübə ilə əvəz etmək, onların texnologiya sahəsində karyeraya keçidini sürətləndirmək idi və bu ideya artıq reallığa çevrilib".
Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən "Ironhack" şirkətinin baş icraçı direktoru Qonsalo Manrike proqramın Azərbaycanın rəqəmsal transformasiya strategiyasına töhfə verdiyini bildirib.
O qeyd edib ki, Azərbaycan rəqəmsal transformasiyanı prioritet elan edib:
"2025-ci ildə təsdiqlənmiş Rəqəmsal İnkişaf Konsepsiyası və 2026-2028-ci illər üzrə Fəaliyyət Planı rəqəmsal hökumət, süni intellekt, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində əsas prioritetləri müəyyənləşdirir. "Onlayn Azərbaycan" layihəsi ölkə üzrə genişzolaqlı internet əhatəsini genişləndirib, "mygov" platformasının istifadəçilərinin sayı üç milyonu ötüb, dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi isə 2025-ci ildə iki milyard əməliyyatı keçib. Lakin infrastruktur və rəqəmsal xidmətlər yalnız insan kapitalına da sərmayə yatırıldığı halda tam potensialına çata bilər.
"IT Skills Sprint" proqramı daha rəqəmsal və rəqabətqabiliyyətli iqtisadiyyat üçün zəruri insan kapitalının formalaşdırılmasına töhfə verir. "Ironhack"də biz nəticəyönümlü təhsilə üstünlük veririk. Uğur yalnız tədris proqramını başa vurmaq deyil, tələbələrin sonradan hansı bacarıqları nümayiş etdirməsi və hansı imkanlar əldə etməsidir".
Q.Manrike qeyd edib ki, proqram ilk gündən real layihələr, sənaye üçün aktual alətlər və məşğulluq prinsipi əsasında qurulub:
"Proqrama qoşulan 123 tələbədən 120-si uğurla başa vurub. 20 həftə və 450 saat davam edən proqram üçün bu, çox yaxşı göstəricidir.
Ən vacibi isə odur ki, məşğulluq məzuniyyətdən əvvəl başlayıb. Proqram davam etdiyi müddətdə 27 tələbə işlə təmin olunub, daha 65 nəfər isə hazırda müsahibə mərhələsindədir. Növbəti altı və on iki ay ərzində də nəticələri izləməyə və tələbələrə dəstək verməyə davam edəcəyik. İlk nəticələr artıq göstərir ki, işəgötürənlər burada yetişdirilən istedadları yüksək qiymətləndirirlər".