Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) iki il ərzində 36 pillə irəliləməsi ölkə rəhbərliyinin rəqəmsal inkişafa yanaşması, hüquqi-institusional islahatlar və bu sahəyə yönəldilən investisiyalarla əlaqələndirilib.
Bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda keçirilən təqdimat zamanı Azərbaycanın göstəriciləri ilə bağlı sualı cavablandırarkən deyib.
2026-cı il üzrə EHİİ hesabatına əsasən, Azərbaycan 74-cü pillədən 38-ci pilləyə yüksəlib. Ölkənin indeks üzrə ümumi balı 0,8847 təşkil edib. Bu, 2024-cü ildə qeydə alınan 0,7607 ballıq göstəricidən 16,3 faiz yüksəkdir.
BMT rəsmisi irəliləyişə təsir göstərən amilləri belə izah edib:
"Azərbaycan 2024-2026-cı illər ərzində əhəmiyyətli irəliləyiş əldə etmiş ölkələr sırasındadır. 2024-cü ildə ölkə 74-cü yerdə idisə, indi 38-ci yerdədir. Bu, həqiqətən də təsiredici sıçrayışdır.
Buna bir sıra əsas amillər töhfə verib. İlk növbədə, ölkə rəhbərliyinin güclü siyasi iradəsini, eləcə də inkişafı dəstəkləyən effektiv normativ-hüquqi bazanı qeyd edirik. Söhbət təkcə kadr potensialından, siyasət və strategiyadan deyil, həm də investisiyalardan gedir. Artıq qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli vəsait yatırıb.
Azərbaycan, həqiqətən də, çox maraqlı ölkədir və mən əminəm ki, onun təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır".
Qeyd edək ki, Azərbaycanda rəqəmsal inkişafın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi və müvafiq strateji sənədlərin qəbulu islahatların institusional əsaslarını gücləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eləcə də Rəqəmsal İnkişaf Konsepsiyası və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" kimi strateji sənədlərin qəbulu bu istiqamətdə atılan mühüm addımlar sırasındadır.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsinə, qərarların uzlaşdırılmasına və strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib.
İslahatlar rəqəmsal xidmətlərlə yanaşı, məlumat infrastrukturu, süni intellekt, kibertəhlükəsizlik və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması kimi sahələri də əhatə edir.