Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.
Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.
Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.
O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Dövlətimizin başçısı ölkəmizin "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırlayıb.
Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.
Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd edib.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulanıb.