Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident İlham Əliyev Maykl Tuçini və Bernard Kaminetskini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıblar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.
Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını deyib və qeyd ediblər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.
Maykl Tuçin və Bernard Kaminetski, həmçinin, Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Dövlətimizin başçısı da öz növbəsində qeyd edib ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.